Referal proqramında iştirak Qaydalar
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar istifadəçilərin “Fikrim.Az” layihəsinin (bundan sonra — “Şirkət” və ya “Layihə”) referal proqramında iştirak qaydasını tənzimləyir.
1.2. Referal proqramının iştirakçısı istifadəçiləri müstəsna olaraq qanuni, vicdanlı və bu Qaydalarla icazə verilən üsullarla cəlb etməyi öhdəsinə götürür.
1.3. Referal proqramında iştirak bu Qaydaların, eləcə də Layihənin digər sənədlərinin tam və qeyd-şərtsiz qəbul edilməsi deməkdir.
1.4. Şirkət istənilən vaxt proqram iştirakçıları tərəfindən bu Qaydalara riayət olunub-olunmamasını yoxlamaq hüququna malikdir.
2. Terminlər
2.1. Motivasiyalı trafik — istifadəçilərin qeydiyyatdan keçməsi, hesabı təsdiqləməsi, sorğularda iştirak etməsi və ya digər hərəkətləri Layihəyə olan real maraqdan deyil, əsasən mükafat, bonus və ya digər mənfəət əldə etmək üçün yerinə yetirdiyi trafikdir.
2.2. Keyfiyyətsiz (frod (fırıldaqçı)) trafik — istifadəçilərin süni şəkildə cəlb edilməsi, avtomatlaşdırılmış fəaliyyət, sui-istifadə halları, platformanın məhdudiyyətlərindən yan keçmə əlamətlərini və ya Layihə üçün real dəyər yaratmayan digər hərəkətləri ehtiva edən trafikdir.
3. İstifadəçilərin cəlb edilməsinin icazə verilən üsulları
3.1. İştirakçıya aşağıdakılardan istifadə etməklə istifadəçiləri cəlb etməyə icazə verilir:
şəxsi veb-saytlar;
kontekstli reklam;
hədəfli və tizer reklamı;
sosial şəbəkələr;
mobil tətbiqlər;
şəxsi tövsiyələr;
Şirkətlə əvvəlcədən razılaşdırılmış digər tanıtım üsulları.
3.2. Şirkətin brendindən, əmtəə nişanlarından, domen adlarından, korporativ üslubundan və digər əqli mülkiyyət obyektlərindən istifadəyə müstəsna olaraq Şirkətin əvvəlcədən yazılı razılığı ilə yol verilir.
4. Məhdudiyyətlər və qadağalar
4.1. İştirakçıya aşağıdakı xüsusiyyətlərə malik istifadəçi cəlb etmə üsullarından istifadə etmək qadağandır:
qanunvericiliyi pozan;
istifadəçiləri çaşdıran (yanıldan);
süni, motivasiyalı və ya vicdansız trafik yaradan;
üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozan;
Şirkətə reputasiya, maliyyə və ya digər zərər vura biləcək üsullar. 4.2. Xüsusilə, aşağıdakılar qadağandır:
alıcıların razılığı olmadan spam, kütləvi göndərişlər və digər bezdirici tanıtım üsullarından istifadə etmək;
pop-up, clickunder, doorway traffic və analoji mexanizmlərdən istifadə etmək;
adult (böyüklər üçün) trafikindən istifadə etmək və böyüklər üçün nəzərdə tutulmuş resurslarda materiallar yerləşdirmək;
istifadəçiləri bukslar, tapşırıq birjaları, mikrotapşırıq xidmətləri, motivasiyalı trafik sistemləri və analoji platformalar vasitəsilə cəlb etmək;
Layihə haqqında qeyri-dəqiq, çaşdırıcı və ya yoxlanılmamış məlumatlar yaymaq;
Layihəni zəmanətli, sürətli və ya sabit qazanc üsulu kimi təqdim etmək;
istifadəçilərə zəmanətli gəlir və ya sabit mükafat vəd etmək;
multi-hesablar, süni qeydiyyatlar yaratmaq və ya digər üsullarla mükafatı vicdansız yolla əldə etməyə cəhd göstərmək;
virtual nömrələrdən, müvəqqəti e-poçt ünvanlarından, eyniləşdirməni gizlətmə vasitələrindən, cihazların saxtalaşdırılmasından və ya platformanın qaydalarından və texniki məhdudiyyətlərindən yan keçməyin digər üsullarından istifadə etmək.
5. Trafikin keyfiyyətinin yoxlanılması
5.1. Şirkət daxili anti-frod (fırıldaqçılığa qarşı) sistemlərindən, analitik alətlərdən və digər nəzarət üsullarından istifadə etməklə trafikin keyfiyyətini və mənşəyini yoxlamaq hüququna malikdir.
5.2. Şirkət daxili meyarlar, statistik məlumatlar, yoxlama nəticələri və Şirkət üçün mövcud olan digər məlumatlar əsasında trafikin keyfiyyətini və vicdanlılığını müstəqil şəkildə qiymətləndirir.
5.3. Keyfiyyətsiz və ya fırıldaqçı trafikin əlamətlərinə aşağıdakılar aid edilə bilər:
istifadəçilərin avtomatlaşdırılmış qeydiyyatı;
botlardan və ya bot fermalarından istifadə;
qısa müddət ərzində kütləvi qeydiyyatlar;
qeydiyyatdan sonra istifadəçilərin fəallığının olmaması;
istifadəçilərin tədqiqatlarda və ya sorğularda iştirak etməməsi;
multi-hesab yaratma və ya platforma məhdudiyyətlərindən yan keçmə əlamətləri;
istifadəçilərin süni və ya vicdansız şəkildə cəlb edilməsinin digər əlamətləri.
5.4. Şirkət trafikin yoxlanılması üsullarını, keyfiyyətin qiymətləndirilməsinin daxili meyarlarını, anti-frod sistemlərinin alqoritmlərini və qayda pozuntularının aşkar edilməsi ilə bağlı digər məlumatları iştirakçılara açıqlamağa borclu deyil.
5.5. Şirkətin sorğusu əsasında iştirakçı reklam materialları, linklər, reklam kampaniyalarının statistikası və yoxlama üçün zəruri olan digər məlumatlar daxil olmaqla, trafikin mənbələri və cəlb edilməsi üsulları barədə məlumat verməyə borcludur.
6. Mükafatlandırma və ödəniş məhdudiyyətləri
6.1. Şirkət aşağıdakı hallarda mükafatın hesablanmasından imtina etmək, ödənişi dayandırmaq, mükafatı tam və ya qismən tutmaq və ya ləğv etmək hüququna malikdir:
iştirakçı tərəfindən bu Qaydalar pozulduqda;
keyfiyyətsiz, motivasiyalı və ya fırıldaqçı trafik əlamətləri aşkar edildikdə;
trafikin keyfiyyətinin əlavə yoxlanılması həyata keçirildikdə.
6.2. Şirkət cəlb edilmiş istifadəçilər aşağıdakı hallara uyğun gəldikdə mükafatın ödənilməsinden imtina edə bilər:
tədqiqatlarda və ya sorğularda iştirak etmədikdə;
hesabları müstəsna olaraq bonuslar əldə etmək üçün yaratdıqda;
Layihənin istifadəçi panelinin daxili keyfiyyət meyarlarına cavab vermədikdə.
6.3. Trafikin keyfiyyətinin qiymətləndirilməsi və mükafatın hesablanması məsələləri üzrə Şirkətin qərarları qətidir.
6.4. Şirkət iştirakçıya referal proqramı çərçivəsində hər hansı həcmdə trafik, gəlir və ya mükafat əldə olunmasına zəmanət vermir.
7. Proqramda iştirakın məhdudlaşdırılması
7.1. Şirkət aşağıdakı hallarda əvvəlcədən xəbərdarlıq etmədən istifadəçinin referal proqramında iştirakını müvəqqəti məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq hüququna malikdir:
bu Qaydalar pozulduqda;
vicdansız trafik cəlb edilməsi əlamətləri aşkar edildikdə;
platformanın texniki və ya təşkilati məhdudiyyətlərindən yan keçməyə cəhd edildikdə;
tanıtım üsulları ilə bağlı şikayətlər daxil olduqda;
Şirkətə reputasiya, maliyyə və ya digər zərər vurulduqda.
8. Yekun müddəalar
8.1. Şirkət istənilən vaxt bu Qaydalara dəyişikliklər, əlavələr etmək və ya onları yeniləmək hüququna malikdir. Qaydaların yeni redaksiyası, Şirkət tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, Layihənin saytında dərc edildiyi andan qüvvəyə minir.
8.2. Bu Qaydalarla tənzimlənməyən bütün məsələlərdə tərəflər tətbiq olunan qanunvericiliyi və Layihənin digər sənədlərini rəhbər tuturlar.